C. Sen 20th, 2019

Heydər Əliyev və Axısxa Türkləri

Read Time7 Minutes, 56 Seconds

Axısxa Türkləri artıq 60 ildən artıqdır ki, Azərbaycanda yaşayır. Onun 30 ilə qədəri məhz Ümummilli Lider, Ulu Öndər H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Son 10 ili isə onun oğlu və siyasi varisi İlham Əliyevin rəhbərliyi altinda yaşayırıq.

Ulu Öndər H.Əliyev Azərbaycan xalqı üçün nə qədər dəyərlidirsə, Axısxa Türkləri üçün də bir o qədər dəyərli və əzizdir.

H.Əliyev hələ Sevetlər İttifaqı dövründə 1969-cu ildən 1982-ci ilədək Azərbaycan KP. MK-nin birinci katibi işlədiyi illərdə əhalinin sosial-iqtisadi və mədəni həyat tərzini yaxşılaşdırmaq üçün respublikanın bütün bölgələrinə dəfələrlə səfərlər etmişdir.  Həmin illərdə üç dəfə, 1974, 1976 və 1980-ci illərdə, müstəqillik illərində isə 1998-ci ildə Saatlıya gəlmişdi.

1974-cü ilin sentyabr ayında Saatlı rayonuna gələrkən bir neçə təsərrğfatda olduğu kimi Axısxa Türklərinin yaşadığı Varxankənd də ozamanlar fəaliyyət göstərən “XXI partiya qurultayı” adına kolxozun əkin sahələrində olmuş, pambıqçı qızlarla səmimi söhbətlər aparmış, Axısxa türk zəhmətkeşlərinin qayğılarını-problemlərini öyrənərək onlara öz tövsiyyələrini vermişdi. Təsərrüfatın rəhbəri işləyən qabaqcıl təsərrüfat başçısı Rasim Bayraqdarovla Axısxa türklərinin qayğıları haqqında geniş söhbət aparmışdı.

heyder-eliyev-axisxa-turkleri

1980-ci ildə növbəti gəlişi zamanı yenə də Varxankənd camaatı ilə görüşmüş onların istək və arzularını dinləmişdir. Ağsaqqalların xahişini nəzərə alaraq kənddə yeni məktəb binasının tikilməsinə elə oradaca göstəriş verdi. İki il ərzində Varxankənd kəndinə 624 yerlik iki mərtəbəli, yaraşıqlı, təzə məktəb binası tikilərək 1982-ci ilin noyabr ayında şagirdlərin və müəllimlərin istifadəsinə verildi.

Ulu Öndər Saatlıya hər gəlişi zamanı əsasən Axısxa Türkləri yaşayan kəndlərdə zəhmətkeşlərə, ağsaqqallarla görüşlər keçirərdi. Onların problemləri ilə dərindən maraqlanardı və problemlərin həll olunması üçün rayonun rəhbərliyinə ciddi göstərişlər verərdi.

Həmin illərdə H.Əliyevin göstərişi ilə respublikanın bütün bölgələrində yaşayan Axısxa Türkərindən olan qabaqcıl təsərrüfat rəhbərlərinə, sovet sədrlərinə, qabaqcıl briqadirlərə, kolxozçulara, sovxoz fəhlələrinə, fermada sağıcı işləyən qızlara müxtəlif fəxri adlar, orden və medallar həmçinin minik maşınları və pul mükafatları verilərdi. Təkcə Saatlıda yaşayan Axısxa Türklərindən Mövlud Bayraqdarov sosialist əməyi qəhrəmanı adına, Şərəf Qoçiyev iki dəfə Lenin ordeni ilə, Məhəmməd Cəlilov, Həsən Binəliyev, Ziya Rzayev və başqaları Lenin ordeni ilə təltif olunublar. Həmçinin bir neçə nəfər şərəf nişanı ordeni ilə bir neçə nəfəri “Keçici qırmızı bayraq” və yaxud medallar ilə təltif olunublar. Bütün bunlar Axısxalı zəhmətkeşlərə Ümumilli Lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.

Keçmiş İttifaqın müxtəlif respublikalarında yaşayan Axısxa Türklərinin heç biri yaşadığı respublikalarda belə qayğı ilə əhatə olunmamışdılar. Lakin Azərbaycanda yaşayan Axısxalılar Ulu Öndərin yüksək səviyyədə diqqət və qayğısı ilə əhatə olunmuşdurlar.

Heydər Əliyevin göstərişi ilə Axısxa Türklərinin məskunlaşdığı kəndlərdə məktəblər, tibb məntəqələri, uşaq bağçaları, körpələr evləri, məişət evləri tikilərək sakinlərin istifadəsinə verilmişdir. Odur ki, hələ də bölgələrdə H.Əliyevin səyi nəticəsində tikilən obyektlər Axısxalı Türklər tərəfindən istifadə olunur. Həmin illərdə təkcə Saatlıya hər il 20 minik maşını hədiyyə verilirdisə ondan 7-8-i Axısxa Türklərinin qabaqcıl təsərrüfat adamlarına verilərdi.

 H.Əliyevin Axısxa Türklərinin gənclərinin müsabiqədənkənar ali məktəblərə qəbul olunmaları üçün xüsusi bir qərarı olmuşdur. Həmin qərara görə orta məktəbləri əla qiymətlərlə bitirən Axısxa Türk məzunları respublikanın ali məktəblərinə imtahansız qəbul olunurdurlar. Təkcə Saatlı rayonundan 40 məfər Axısxalı məzun ali məktəbə xüsusi göndərişlə qəbul olmuşdur. Hal-hazırda Axısxa türklərinin yaşadıqları kəndlərdə çalışan müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin böyük əksəriyyəti məhz belə şəxslərdir. Odur ki, məktəblərimizdə bütün ixtisaslardan fənn müəllimləri kifayət qədərdir.

Ulu Öndər H.Əliyev Axısxa Türklərinin rayon səviyyəli rəhbər vəzifələrə irəli çəkilməsinə də ciddi önəm verərdi. Belə ki, rayon Partiya komitəsinin şöbə müdirlərindən biri, Xalq Deputatları Soveti İcraiyyə komitəsinin müavinlərindən biri, həmçinin rayon partiya komitəsinin büro üzvlərindən biri, hökmən Axısxa Türklərindən təyin edilərdi. Ali Sovetinin deputatlarından da nəyin ki, bir nəfər hətta, bir neçə nəfər Azərbaycanda yaşayan Axısxalılardan seçilərdi.

Axısxa Türkləri bütün dövrlərdə doğma vətənlərinə qayıtmaq üçün səy göstərmişdir. Hələ Sovet İttifaqı dövründən başlayaraq gizli və ya açıq şəkildə ayrı-ayrı təşkilatlar adı altında fəaliyyət göstərmişdir. Axısxa Türklərinin hər hansı bir təşkilat və cəmiyyət şəklində fəaliyyət göstərməsinə Azərbaycanda olduğu kimi heç bir respublikada şərait yaradılmamışdır. Xüsusilə SSRİ dağıldıqdan sonra Azərbaycanda yaşayan Axısxa Türkləri doğma vətənlərinə qayıtmaq üçün qurduqları “Vətən” Cəmiyyətinin təşkilatlanmasına və onun formalaşmasına, vətən uğrunda mücadilə aparılmasına hərtərəfli imkan və şərait yaradılmışdır.

1990-cı ildə Ulu Öndər Heydər Əliyev Naxçıvan şəhərində yaşayan zaman, Saatlı rayonunda fəaliyyət göstərən “Dönüş” qəzetinin müxbiri Fəxrəddin Ağamirzəyevə  müsahibə vermişdir. Bu zaman Özbəkistanın Fərqanə vilayətində Axısxa türklərinin başına gətirilən hadisələrlə və Axısxalıların indiyə qədər Gürcüstandakı doğma vətənlərinə qayıda bilməmələrinin səbəbləri ilə bağlı verilən suala çox geniş və məzmunlu açıqlama vermişdir. Onun sözlərinə görə Sovet imperiyası başında oturanların bu problemləri həll etmək istəmədikləri və Axısxalıların doğma torpaqlarında qəsdən və bilərəkdən erməniləri məskunlaşdırdırlarını söyləmişdi. Lakin Axısxa Türklərinin öz haqq davalarından əl çəkməmələrini, yumruq kimi birləşmələrini və bir təşkilat kimi formalaşmalarını tövsiyə etmişdi.

Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitlik yaratdıqdan sonra Axısxa Türklərinin Vətən Cəmiyyətinin fəaliyyətinə həmişə maddi və mənəvi dəstək vermişdir. Hazırda da Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan, ölkə prezidenti cənab İlham Əliyev Axısxa Türklərinin təşkilatlanmasına hərtərəfli şərait yaratmışdır.

Bütün bunlara görə bütün Axısxa Türkləri adından Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmətdiləyirik. Onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik.

Lətif Şimşəkov

Saatlı rayonu,

Varxankənd kənd tam orta məktəbinin Direktoru.

0 0