-

Şuranın dəstəyilə Saatlı rayonunda Axısxa Türklərilə görüş keçirilib

Şuranın dəstəyilə Saatlı rayonunda Axısxa Türklərilə görüş keçirilib

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Axısxa Türklərinin tarixi vətənlərinə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Saatlı rayonunda tədbir keçirib.

Həyata keçirilən layihədə əsas məqsəd tarixi vətənlərinə köç etmək istəyən Axısxa Türklərinin maarifləndirilməsi və prosesin necə həyata keçiriləcəyi barədə doğru istiqamətləndirmə aparmaqdan ibarətdir.

Saatlı rayonu Varxankənd kəndində baş tutan tədbiri giriş sözü ilə açan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov tarixi vətənə köç etmək istəyən Axısxa Türklərinin maarifləndirilməsi məsələsinə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya öz adından və Azərbaycanda yaşayan bütün Axısxalı Türklər adından təşəkkürünü bildirib.

7

İbrahim Məmmədov bildirib ki, layihənin məqsədi Azərbaycanda yaşayan Axısxa Türkləri arasından tarixi vətən Axısxaya köç etmək istəyən axısxalı ailələri köç prosesi haqqında maarifləndirmək, onlara lazımi hüquqi və ictimai dəstəyi təmin etmək, köç prosesində yaranan çətinliklərin araşdırılaraq üzə çıxarılması və onların aradan qaldırılması üçün həm dövlət qurumları həmçinin xarici dövlətlər qarşısında təşəbbüslər irəli sürməkdir.

Birliyin sədri İbrahim Məmmədov onu da qeyd etdi ki, Gürcüstan dövləti tərəfindən 11 iyul 2007-ci il tarixdə “XX əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin vətənlərinə dönmələri” haqqında qəbul edilən qanuna əsasən bu günə kimi 1700 nəfərə qədər Axısxa türkünə repatriant (vətənə dönüş icazəsi) statusu verilib, onlardan 497 nəfərinə isə şərti Gürcüstan vətəndaşlığı verilib. Şərti vətəndaşlıq alan şəxslər Gürcüstana köç etmək üçün Azərbaycanın rəsmi orqanlarına vətəndaşlıqdan çıxmaq barədə ərizə verdikdən sonra tam Gürcüstan vətəndaşı ola bilərlər.

saatli-r-tedbir-3

Tədbirdə çıxış edən Saatlı, Sabirabad və Beyləqan rayonundan olan Axısxa Türkləri ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirərək, görülən işlər barədə razılıqlarını bildiriblər. Tədbirdə gündəlikdə duran digər məsələlərdən biri də “Vətən” İB-nin Saatlı rayonu Varxankənd kəndi üzrə yeni seçilmiş il təşkilatı nümayəndəsi Məhəmməd Əliyevin cəmiyətə təqdim edilməsi oldu. Məhəmməd müəllimin bu şərəfli işin öhdəsindən layiqincə gələcəyinə inanırıq.

Qeyd edək ki, həyata keçirilən layihə çərçivəsində tarixi vətənə dönüş prosesində maarifləndirmə işi ilə əlaqədar məlumatları özündə əks etdirən broşur çap olunaraq tədbir iştirakçıları arasında paylanılıb.

Şərh üçün bağlıdır.

footer