-

“Vətən” İctimai Birliyi Rasim Bayraqdarovu evində ziyarət etdi.

Ana səhifə ARXİV, Manşet 03 Ocak 2017 2009
“Vətən” İctimai Birliyi Rasim Bayraqdarovu evində ziyarət etdi.

Saatlı rayonu, Nəsimikənd kəndində yaşayan, 30 ilə yaxın kolxoz sədri işləmiş, zəhmət adamı, Axısxa Türklərinin ağsaqqalı olan Rasim Rəfət oğlu Bayraqdarov Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nüməyəndələri tərəfindən evində ziyarət edildi.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Birliyin Bakı Komitəsinin sədri Məmməd Şamilov, Birliyin Saatlı-Sabirabad-Beyləqan bölgəsi üzrə rəhbəri İsa Əlləzov və ictimai Birliyin bir sıra fəal şəxsləri 83 yaşlı el ağsaqqalına baş çəkdi. Rasim Bayraqdarovun qocalığının da təsiri ilə səhhətində bəzi problemlər yaranıb.  Amma hal –hazırda vəziyyəti yaxşıdır.

img-20170103-wa0001

Rasim Bayraqdarov haqqında…

El ağsaqqalı Rasim Bayraqdarov 1933-cü ilin noyabrında Gürcüstanda dünyaya gəlib.

1944-cü ildə Gürcüstandan Orta Asiya respublikalarına deportasiya edilənlər içərisində onun da ailəsi olub. O vaxtkı SSRİ rəhbərliyinə müraciətlərdən sonra, 1958-ci ildə bir çox axısxa Türkləri Gürcüstana olmasa da, Azərbaycana pənah gətirib. Bu ailələrin arasında R.Bayraqdarovun ailəsi də olub. İndiki Saatlı rayonun ərazisində (Saatlı rayonu 1963-cü ildə yaradılıb) həmin ildən axıska türklərinin kəndləri və kolxozları yaradılıb. R.Bayraqdarov 6 kolxozun melaratoru kimi fəaliyyətə başlayıb və bu müddətdə əməksevərliyi, bacarığı ilə özünə böyük hörmət qazanıb. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevə R.Bayraqdarovun fəaliyyəti haqqında məlumat verilir. Onun zəhmətini qiymətləndirən Ulu öndər bu zəhmətkeş kənd təsərrüfatı işçisinin öz bilik və bacarığını artırması üçün ali təhsil müəssisələrinin birinə göndərilməsini tapşırır. Beləliklə, R.Bayraqdarov Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə qəbul olunur və burada qiyabi təhsil alır.

“XIX partiya qurultayı” adına kolxoza uğurla rəhbərlik edən R.Bayraqdarov 1976-cı ildə rayonun “Adıgün” kolxozuna sədr seçilir. Hansı ki, bu kolxoza onun əmisi, Sosialist Əməyi Qəhrəmanı Mövlud Bayraqdarov rəhbərlik edirdi. Amma 82 yaşlı M.Bayraqdarov öz ərizəsi ilə işdən azad olunur. Məhz respublika rəhbəri Heydər Əliyevin tövsiyəsi ilə R.Bayraqdarov “Adıgün” kolxozuna yeni sədr təyin olunur. O, bu kolxoza 1996-cı ilədək rəhbərlik edir. Burada da rəhbər işlədiyi dövrdə R.Bayraqdarov həmin kəndin inkişafı üçün çox çalışır. Bunun nəticəsində də kəndin bir sıra sosial problemləri həll olunur, eləcə də, kənd təsərrüfatında yüksək nəticələr əldə edilir. Beləliklə, aqrar sahədə böyük nəticələr əldə edən və bununla da rayonda nüfuz qazanan R.Bayraqdarov 1990-cı il parlament seçkilərində Saatlı rayonundan deputat seçilir.

Rasim Bayraqdarov, Heydər Əliyevin Axısxa Türklərinə olan diqqət və qayğısı haqqında danışıb. “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə Axısxa Türklərinə diqqət və qayğı daha da artdı. O mütəmadi olaraq bizim vəziyyətimizlə maraqlanırdı. Ulu öndərimizin digər bir xidməti bizim gənclərin ali təhsil alması ilə bağlı idi. Görüşlərimizin birində mən Heydər Əliyevə dedim ki, bizim gənclərimiz gedib Orta Asiya respublikalarında ali təhsil alır və orada qalıb işləyirlər. Bu da Axısxa Türklərinin burada sayının azalmasına səbəb olur. Heydər Əliyev rayon rəhbərlərinə göstəriş verdi ki, Axısxa Türklərinin gənclərini ali təhsil almaq üçün göndərişlə ali məktəblərə göndərsinlər. Bunun nəticəsində, 1982-ci ilə qədər 167 nəfər Axısxa Türkü Saatlı rayonundan ali məktəblərə qəbul olundu. Amma respublika üzrə onların sayı 300 nəfər idi. Bu qədər insan ali təhsil aldıqdan sonra respublikanın müxtəlif sahələrində çalışıb öz xidmətlərini göstərdilər. Ona görə də, hesab edirəm ki, bizim yediyimiz çörək Heydər Əliyevin çörəyidir. Biz Axısxa Türkləri Onu heç vaxt unutmayacağıq, əziz xatirəsini daim yüksək tutacağıq”.

R.Bayraqdarov sonda bildirib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Onun sözlərinə görə, bu siyasət nəticəsində Azərbaycan 13 il ərzində böyük inkişaf yolu keçib: “Biz inanırıq ki, ölkəmizin uğurları bundan sonra da davam edəcək. Azərbaycanın inkişafı naminə cənab İlham Əliyevə və Onun ailəsinə uğurlar arzulayıram”.

   Qaynaq: http://www.anl.az/down/meqale/yeni_az/2013/dekabr/340331.htm

Şərh üçün bağlıdır.

footer