C. Sen 20th, 2019

Milli kimliyimiz!

Read Time5 Minutes, 56 Seconds

Hər hanısı bir milləti və ya xalqı başqa millətlərdən seçən və ya fərqləndirən əsas amil milli–mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərlər dedikdə ilk ağıla gələn şübhəsiz Vətən, adət-ənənələr, dil, tarix və düşüncə inaclarımızdır. Əgər diqqətlə fikir versək görərik ki, bu dəyərlər bir-birindən ayrılmayan, əksinə bir-birinə  daha çox sıx bağlı olan və bir–birini tamamlayandır. Əgər bu dediyimiz dəyərlər insanlarda zəifləsə onda xalqın özü arasında parçalanma gedər. Millətləri və ya xalqı bir-birinə bağlayan əsas bağlardır milli dəyərlər. Hər bir xalqın milli dəyərləri onun milli kimliyini müəyyən edən əsas amildir.

Milli kimliyimizin əsas göstəricisi bizim dilimizdir. İnsanlar dil vasitəsi ilə bir-birilə ünsiyyət qururlar. İnsanlar danışdıqca düşünürlər sonra düşündüklərini bizimlə paylaşırlar. Məhz düşündükdə hanısı dildə düşünürsə oda onun kimliyinin göstəricisidir.

Vətən dediyimiz o müqəddəs torpaq parçası ulu əcdadlarımızın dünya evinə gəlişindən bu günümüzə qədər orada həyat fəaliyyətlərini sürdürdüyü yerdir. O müqəddəs torpağın hər qarışında ulularımızın ruhları dolaşır. Əcdadlarımız bu müqəddəs Vətən torpağında təkcə cismani varlıqlarını qorumaqla kifayətlənməmiş öz düşüncələrinə uyğun şəkildə mədəniyyətlərinidə formalaşdırmışdır.

Mədəniyyət dedikdə insanın əli və düşüncəsi ilə zamanla meydana gəlmiş maddi və mənəvi dəyərlərdir. Maddi və mənəvi dəyərlər hər bir xalqın özünəməxsusluğu ilə seçilir. Bu dəyərlər xalqların milli kimliyinin müəyyən edilməsində mühüm rola malikdir. Millətləri başqa millətlərdən fərqləndirən və onları yaşadan maddi və mənəvi dəyərlərdir. Bu dəyərlərin tədricən unudulması qorxulu bir haldır. Millət və ya xalqın yox olması deməkdir. Ululardan miras qalmış maddi və mənəvi dəyərlərimizi yaşatmaq gələcək nəsillərə ötürmək bu günkü nəsillərin işidir. Bunun üçün indiki nəsillərin başbilənləri, öndə gələnləri və qələm tutanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar milli mədəni dəyərlərimizin təbliği üçün müxtəlif cür tədbirlər planı işləyib hazırlamalı və keçirməlidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Multikulturalizm ili”çərçivəsində 5 aprel tarixində Bakı Slavyan Universitetində Axısxa türkləri Yazarlar birliyinin üzvüləri ilə görüş geçirilməsi təqdirəlayiq bir işdir. Belə tədbirlərin davamlı olması çox vacibdir. Buna oxşar tədbirlərin Axısxa Türkləri Mədəniyyət Mərkəzi tərəfindən tez-tez keçirilməli olduğu halda çox heyf ki,bu mərkəzin adı olsada heç bir fəaliyyəti yoxdur. Gənclərimizə milli mənəvi dəyərlərimizə sahib çıxmağı, onları getdikləri yerlərdə qorumalı və təbliğ etməli, Vətənə və milli birliyimizi ayaqda tutacaq milli dəyərlərimizə sayğı göstərmələrini öyrətmək hər bir ziyalımızın borcudur.

Hər bir xalqın adət ənənələrində dinin təsiri böyük olmuşdur. Həmin təsiri biz bu gündə hiss edirik. Din dedikdə dinlərdə iki yerə bölünür. Kitabı olan dinlər və inaclar. Dini inaclar əsasən insanın dünya evinə gəlməsi ilə eyni vaxtlarda yaranmışdır. Bu gün biz axısxalılar islam dininə sitayiş etməyimiz o demək deyil ki bizdə dini inaclarımız olmamış əksinə islamiyyətdən  çox-çox əvvəl  dini inaclarımız mövcud olması ilə yanaşı sonradan ulu əcdadlarımız qisməndə bir hissəsi xristian dininə sitayiş etmişdir. Bunu tarixi torpaqlarımızdakı xristian dininə məxsus kilsələrdə təsdiqləyir. Bu günlərdə kiv-də müzakirə obyekti olan ‘Sarı gəlin’ türküsü axısxalı xristian sarışın qıpçaq qızı Xumardan və onun nəkam sevgisindən bəhs edir. Bu türkünü ermənilər sahiblənmək istəsələrdə bu mümkün deyil. Türkünün deyilmə tərzi bilə türkün ruhunauyğun bayatı formasında səslənir.   Hər bir millət qəbul etdiyi dini öz ruhuna uyğunlaşdırır.Türk xalqlarında bu tendensiya çox güclüdür.

Bizim dini inaclarımıza diqqətlə baxsaq görərik ki islamiyyətlə  heç bir əlaqəsi yoxdur. Məsələn:göz muncuğu, üzərlik yaxma, başımzdan duz fırlamax, süpürgəni dik qoymamaq, mollanın yanına kiminsə bağlatmaya və ya sağalmağımız üçün pis ruhları bədəndən qovmaqdan ötəri getməyimiz, İsmayıl qurbaından başqa niyyət qurbanların kəsilməsi və s. daxildir. Biz türklər öz dini inaclarımızı elə ustalıqla islamla əlaqələndirmişik ki sanki bu inaclar bizim dinimizlə bağlıdır. Türklərin həyat tərzində islamın qoyduğu həyat tərzləri varıdı, ona görədə biz türklər islamı asanlıqla tez qəbul etdik.Baxmayaraq islam dini Ərəbistanda ərəblər tərəfindən yaradılsada çox çətinliklə bu din ərəblər tərəfindən qəbul edilmişdir. İslam dini adət ənənələrimizlə sıx bağlılığımızı dahada möhkəmləndirir və milli şüurumuzun inkişafına öz köməkliyini göstərir. Bir sözlə Vətən, dil, tarix, mədəniyyət, din və inaclarımız milli mənəvi dəyərlərimizdirki kimliyimizin müəyyən edilməsində əsas rola malikdir. Axısxalı türklər adı altında  adlandırılmağımız bizim hamımızı biləşdirən ,həmrəy edən axısxaçılıq kimlik şüurumuzdur.

Tahircan Kukulov

Araşdırmaçı-tarixçi

 

1 0