C. Sen 20th, 2019

Axısxalı Türklər: Sürgündə keçən 72 İL

Read Time14 Minutes, 17 Seconds

14 Noyabr 1944-cü il – Axısxalı Türklərin tarixi vətənlərindən sürgün edildiyi gündür. Heç bir səbəb olmadan öz tarixi ata-baba torpaqlarından sürgün edilən Axısxalılar 72 ildir ki vətən həsrəti ilə yaşayır.

 

“Sürgün və sonrası…”

 

Axısxalı Türklər XX-ci əsrdə ən çox parçalanmalara məruz qalmış və keçən 72 il ərzində iki dəfə sürgün olunmuş bir toplumdur. 1944-cü ildə Gürcüstandan sürgün edilərək ilk sürgünü yaşayan Axısxa Türkləri, ikinci dəfə isə 1989-cu ildə Özbəkistanın Fərqana bölgəsində həyata keçirilən faciə nəticəsində zorla çıxarılmış, xüsusi amansızlıqlara düçar olmuşlar. Belə ki, Axısxa Türklərinin tarixi torpaqları hesab edilən ərazilər Türkiyə sərhəddindən 12-30 km aralıda, Gürcüstanın cənubunda yerləşən ərazilərdir. Gürcülər bu bölgəni Mesxetiya-Cavaxetiya adlandırır. Həmin bölgəyə, Axısxa Türklərinin tarixən yaşadığı Aspindza, Adigün, Axalkələk, Baqdanovka və Axısxa rayonları daxildir. Axısxa Türkləri bu beş rayonun 220 kəndində yaşayıb. Həmin ərazilər 1829-cu ildə Rus imperiyasi tərəfindən işğal olunaraq, 1840-ci ildə Gürcüstanın tərkibinə qatılmışdır. Axısxa Türkləri 2.300 il ərzində bu ərazilərdə yaşamış Hun, Sak, Qıpçaq, Səlcuq və Oğuz türk tayfalarının törəmələridir. Axısxa Türklərinin doğma torpaqlarından sürgün planı uzun müddət əvvəl Beriya tərəfindən hazırlanmış, Stalin tərəfindən isə təstiq edilərək icra edilmişdir. Sürgün planı məhz milli zəmində, Beriyanin Stalinə göndərdiyi məktubundan sonra həyata keçirilmişdi. Beriya 1944-cü il 24 iyul tarixində Stalinə göndərdiyi məktubunda yazırdı: Gürcüstan SSRİ də Türkiyə ilə uzanan sərhəddə Türklər yaşayır. Uzun illər ərzində Türkiyə ilə sərhədyani ərazilərdə yayılan əhali ilə bağlılıq emiqrasiya əhval ruhiyyəsi biruzə verir. Onlar kontrabanda ilə məşğul olur, həmçinin Türkiyə kəşfiyyat orqanları üçün cəsusluq edirlər”.

Beriyanin Axısxa Türklərini həmin ərazilərdən çıxarmaq üçün uydurduğu bu cəfəngiyat, əslində Stalinin çoxdan düşündüyü planı həyata keçirməsi üçün zəmin yaratmışdı. Tez bir zamanda Gürcüstan SSRİ-nin dövlət sərhədlərinin qorunması üçün SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 9 maddədən ibarət qanun qəbul edildi. Lakin, bu qanun sürgündən əvvəl və bir müddət sonraya qədər tam məxfi saxlanıldı. Belə ki, əhəmiyyətli an gəlib çatdı. II Dünya Müharibəsi illərində 40.000 Axısxalı Türk Almaniyaya qarşı müharibə üçün göndərildi. Geridə qalan qocalar, qadınlar və uşaqlar Axısxa-Borcomi dəmir yolunun çəkilişinə cəlb olundu. Ən acınacaqlı hal isə, Axısxa Türklərinin öz əlləri ilə başladıqları dəmir yolunun tikintisini başa çatdırdıqdan sonra, elə həmin dəmir yolu vasitəsilə doğma torpaqları olan Mesxetiya – Cavaxetiya bölgəsindən Orta Asiya və Qazaxıstana sürgün edildi. Onların yaşadığı torpaqlara isə kütləvi şəkildə rus, erməni, gürcü və acar ailələri yerləşdirildi. Sürgün edilən Axısxa Türklərinin sayı rəsmi sənədlərdə 86 min nəfər göstərilsə də, həqiqətdə bundan 3 dəfə artıq olub. Ural dağlarının ətəklərindən 32 günlük yol qət edərək Orta Asiya və Qazaxıstana sürgün olunan Axısxa Türklərinin 17 min nəfəri yolda soyuqdan, aclıqdan və susuzluqdan həlak olub.

Axısxa Türklərinin, Sovet Sosialist Respublikalar İttifaqı Dövlət Müdafiə Komitəsinin 6279 nömrəli qərarı ilə 14 Noyabr 1944-cü ildə “Etibarsız xalq” damğası vurulub yük vaqonlarına doldurularaq ana vətən Axısxadan sürgün edilmələri ilə başlanan sürgün həyatı orta Asiya çölləri və Qazaxıstana gəlib çatmaları ilə sona çatmışdır. Sürgün yerlərinə yerləşdikdən sonra 12 il müddətində Axısxalı Türklərin bir yerdən başqa yerə getmələri qadağan edilmiş, səyahət üçün icazə alınması şərti qoyulmuş, icazə müddətində geri qayıtmayanlar cəzalandırılmış və hətta daha ağır cəza ilə Uzaq Sibirə sürgün edilmişdir. 1956-cı ildə Sovet hakimiyyəti tərəfindən çıxarılan yeni bir qanunla Axısxa Türklərinin günahsız olduğu qəbul edilmiş, 1957-ci ildə ikinci dəfə çıxarılan qanunıla Axısxa Türklərinə Gürcüstandan başqa Sovet Hakimiyyətinə bağlı digər ölkələrə getməyə icazə verildi. Bundan sonra 1958 və 1960-cı illər arasında Axısxa Türkləri sürgündən sonra yerləşdirildikləri uçsuz bucaqsız çöllərdən qurtularaq daha inkişaf etmiş yerlərə köç etməyə başladılar. Özbəkistan, Qazaxıstan və Qırğızistanda sürgündə olan Axısxalı Türklər Sovet Hakimiyyətinə bağlı olan digər ölkələrə, Rusiya və Azərbaycana köç etdilər. 1958-1960-cı illərdə Axısxa Türklərinin Azərbaycana köç etməsində ən böyük məqsəd tarixi vətənləri olan Gürcüstana yaxın olmasıdır. Çünkü Axısxa Türklərinin xəyalı vətənə dönmək idi.  Bu gün Azərbaycanda təxminən 100 minə yaxın Axısxalı Türk yaşayır.

“Azərbaycanda təşkilatlanma və vətən uğrunda mübarizə…”

Azərbaycana köç etdikdən sonra Axısxalı Türklər Ənvər Odabaşovun rəhbərliyində “Vətənə Dönüş” adlı müvəqqəti bir təşkilat qurulub. Bu müvəqqəti təşkilat komitəsi ilə Moskva şəhərinə səfər edilmiş və Sovet rəsmiləri ilə vətən məsələsi mövzusu müzakirə edilmişdir. Bu təşkilat komitəsinə digər ölkələrdə yaşayan Axısxa Türkləri də üzv olmuşdur. Sonradan isə “Vətən Cəmiyəti” olaraq adı dəyişdirilən komitəyə Ənvər Odabaşov, Yusif Sərvərov, Təmindar Sayidov, Xalit Taştanov, Koçali Lətifov, İbrahim Burhanov sədrlik etmişdir. Axısxa Türklərinin bu günlərə gəlməsində yuxarıda adları çəkilən çəxslərin və bütün Axısxalıların böyük xidmətləri olmuşdur. Hal-hazırda adı Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi olaraq dəyişdirilən təşkilata 2012-ci ildə sədr seçilən İbrahim Məmmədov rəhbərlik edir. İbrahim Məmmədovun rəhbərlik etdiyi dövr Axısxalı Türklər üçün olduqca səmərəli fəaliyyətlərin həyata keçirildiyi bir vaxta təsadüf edir.

“Gürcüstanın Axısxa Türklərinin dönüşü prosesində mövqeyi…”

İbrahim Məmmədov ilə müsahibəmizdə Axısxa Türklərinin tarixi vətənlərində dönüşü prosesi ilə əlaqədar ətraflı məlumat alma imkanı qazandıq. “Vətən” İctimai Birliyinin sədri Məmmədov, Axısxa Türklərinin tarixi vətənlərinə dönüşü prosesi ilə əlaqədar danışaraq, “Gürcüstan dövləti Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyə uyğun olaraq 11 iyul 2007-ci il tarixdə “XX əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin vətənlərinə dönmələri” haqqında qanun qəbul etdi. Bu qanun Axısxa Türklərinin istəklərini tam qarşılamasa belə, bizim vətənə dönüş məsələmizdə ən vacib bir qanun idi. Qanunun qəbul edilməsindən sonra Azərbaycanda bütün Axısxalı Türklər səfərbər edildi və qısa müddət ərzində 13 mindən çox ailənin ərizəsi toplandı. Qanunda göstərilən müraciət vaxtının az olması, toplanmış bütün ərizələrin müraciət edilməsinə əngəl oldu. Gürcüstan tərəfindən tələb edilən ərizə sənədlərin həddindən artıq çox olması, bu ərizələrin ingilis və ya gürcü dilinə tərcümə edilməsi şərti ilə 5841 ailənin bütün sənədlərini hazırladıq və Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim etdik. Bundan sonra vətənə geri dönüş icazələrinin verilməsi prosesi başladı” dedi. Axısxa Türklərinin tarixi vətənlərinə dönüş prosesi haqqında Gürcüstanın mövqeyi əlbətdə olduqca vacibdir. Çünkü Gürcüstan özünü Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyi sadəcə bir qanun qəbul etməklə yerinə yetirmiş hesab edə bilməz. Bunu əsas götürərək Gürcüstanın Məskunlaşma, Qaçqınlar və Məcburi Köçkünlər Nazirliyinin, Repatriasiya və Qaçqınlar Departamentinin rəhbəri İrakli Kokaia ilə görüşdük. Departament rəhbəri Kokaya, müraciət edilən 5841 ailənin müraciətinə mərhələ ilə baxıldığını, bugünə kimi isə 1533 nəfərə dönüş icazəsi, 494 nəfərə isə şərtli vətəndaşlıq verildiyini qeyd etdi. Şərtli vətəndaşlığın nə olduğuna da açıqlıq gətirən Kokaya, “Şərti vətəndaşlıq alanlar hazırda vətəndaşı olduqları ölkənin vətəndaşlığından imtina etdikdən sonra Gürcüstan Prezidentinin fərmanı ilə tam Gürcüstan vətəndaşlığı alacaqlar” dedi. Axısxa Türklərinə repatriant statusu və şərti vətəndaşlıqların verilməsi prosesinin nə üçün ləngidildiyi və bugünə qədər qanun çərçivəsində neçə ailənin Gürcüstana köç etmişdir sualını da cavablandıran departament rəhbəri prosesin davam etdiyini ancaq müraciət edilən ərizə sənədlərində əksikliklərin olduğunu, bu əksikliklərin tamamlanması üçün Axısxa Türk təşkilatları ilə birlikdə komissiya qurduqlarını və bugünə kimi 11 nəfərdən ibarət 5 ailənin Gürcüstana köç etdiyinin dövlət tərəfindən təsdiq edildiyini bildirdi. Gürcüstan tərəfindən qanun qəbul edilməmişdən əvvəl Gürcüstana köç edən Axısxa Türklərinin problemləri isə hələ də qalmaqdadır. Onlardan bəziləri vətəndaşlıq alsalar da qalanı isə hələ də vətəndaşlıq ala bilmir. Bununla bağlı isə İrakli Kokaya, Repatriant statusu və şərtli vətəndaşlıq alanlardan fərqli olaraq, qanunun qəbulundan öncə Gürcüstana köç edən digər Axısxa Türkləri üçün bütün xarici ölkə vətəndaşlarına tətbiq edilən qaydaların keçərli olduğunu dedi. Həmçinin, Gürcüstanda yaşayan hər bir şəxsin məktəbdə təhsil almaq hüququ var deyən Kokaya, Gürcüstan Dövlətinin 1999-cu ildə Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, 2014-cü ildə Axısxa Türklərinin repatriasiyası üçün hərəkət planı haqqında strategiya qəbul etdiyini bildirdi. Bu strategiya emiqrantlar müstəvisində dövlətin daha çox məsuliyyət qəbul etməklə onların ehtiyaclarını və regional ehtiyatların öyrənilməsi, daxili məsələlərdə hüquqi maarifləndirmə və informasiyanın çatdırılması üçün gərəkli səviyyədə dil biliklərinin öyrədilməsini nəzərdə tutur. Bundan əlavə geri dönənlərin tam inteqrasiya ediləbilməsi üçün dövlət tərəfindən bütün təhsil resursları istifadə edilməklə gürcü dili tədris proqramları planlaşdırılır.

“Axısxa Türklərinin tarixi vətənə köçü prosesində gəlinən son nöqtə…”

“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, isə Azərbaycanda yaşayan Axısxa Türklərinin maddi vəziyyətləri münasib olmadığı üçün vətənə dönüş prosesinin gecikdiyini dedi. “Gürcü tərəfi bizə deyir ki, biz sizə lazımi icazələri verdik, gəlin Gürcüstanda istədiyiniz yerdə yaşayın. Amma Azərbaycanda yaşayan Axısxa Türklərinin gedip Gürcüstanda ev almaları mümkün deyil. Əgər repatriant statusu alan insanlarımıza ev alınarsa onlar asanlıqla orada həyat sürə bilərlər. Cünkü bizim insanlarımız heyvandarlıq və əkinçilik ilə məşğul olan insanlardır. Bugün Azərbaycanda bir Axısxa Türkü evini satıb Gürcüstana köç etmək istəyən zaman evini sata bilmir. Çünkü alıcı bilir ki, bunlar onsuzda gedəcəklər, satsa da satmasa da. Belə ki, Gürcüstanda da ev almaq istədiyin zaman qiymət qalxır. Çünkü ev satan gürcü bilir ki, bunlar onsuz da məcburən köç etmək üçün ev almalıdırlar. Beləliklə, Azərbaycanda evini sata bilməyən Axısxalı, Gürcüstanda da ev ala bilmir. Nəticədə köç prosesi ləngiyir” deyə İbrahim Məmmədov qeyd etdi.

Köç prosesindən əlavə Axısxa Türkləri “Vətən” İctimai Birliyi olaraq Gürcüstanın Samsxe-Javakheti Dövlət Universiteti ilə razılaşmaya əsasən, təkcə 2015-2016 və 2016-2017 tədris ilində Gürcüstana 60 nəfər tələbə göndərildi. “Bu tələbələr bir il universitet nəzdində gürcü dili öyrəndikdən sonra universitet oxumağa başlayırlar. Bu isə gələcəkdə tarixi torpaqlarına köç edəcək Axısxa Türklərinə dəstək təşkil edəcək. Bizim Axısxalı gənclərdən gözləntilərimiz çoxdur” deyən İbrahim Məmmədov, bu milləti gələcəkdə irəliyə doğru aparacaq qüvvənin gənclər olduğunu bildirdi. “Bugün gənclərimiz 20-30 il əvvəl gənclikdən daha fərqlidir. Çünkü bugün universitet oxuyan, magistr təhsili alan, doktorantura bitirən, dövlət və özəl universitetlərdə işləyən gənclərimiz var. Gənclərin Axısxa tarixini araşdırmaları və vətənə köç etmək istəyən insanların önündə getmələri lazımdır” deyən Məmmədov, “Ən böyük xəyalının millətimizin tarixi torpaqlarda yaşaması və gənclərimizin təhsilli olmasıdır” dedi.

Axısxa Türklərinin Gürcüstana yerləşməsi Gürcüstan dövlətinə dəstək olacaq və Türkiyə-Gürcüstan-Azərbaycan üçbucağında bir körpü rolunu oynayacaqdır. Ümıd edırık kı, qısa zamanda bütün bu maneələr aradan qaldırılar və Axısxa Türklərinin xəyalları gerçəkləşər. Bunun üçün isə var güclə çalışmaq lazımdır.

Mövlud İşık.

“Axısxa” Qəzetinin Baş Redaktoru

Bu məqalə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində “millətlərarası münasibətlərin inkişaf etdirilməsi” kateqoriyası üzrə qalib olaraq III yerə layiq görülmüşdür.

0 0