-

Milli qəhrəman İsgəndər Aznaurovun vəfatından 24 il keçir

Milli qəhrəman İsgəndər Aznaurovun vəfatından 24 il keçir

Azərbaycanın Milli Qəhrəmanı, Axısxa Türkü İsgəndər Aznaurov 1993-cü ilin 18 aprel tarixində Qarabağ müharibəsində Gədəbəy istiqamətində gedən döyüşlərdə vətən uğrunda qəhrəmancasına şəhid olub. Bu il şəhidin torpağa tapşırılmasının 24-cü ildönümü tamam oldu. Milli Qəhrəmanın 3 qız övladı var.

İsgəndər Aznaurovun qızı Mədinə Aznaurova atası şəhid olanda 10 yaşlı uşaq idi. Mədinə Aznaurova Modern.az-a açıqlamasında atası barədə danışıb:

ahiska-3

“Atam 1993-cü ilin aprelin 18-də şəhid olub. O zaman 10 yaşım vardı. Atam çox yaxşı insan olub. Uşaq ruhlu, incə qəlbli, həyatda heç kəsin qəlbini qırmayan bir insan idi. Atamı hər kəs çox istəyirdi. Yadımdadır ki, Xocalı soyqırımının törədilməsi atama çox pis təsir etmişdi. Uşaqların vəhşicəsinə öldürülməsini televizorda görəndən sonra evdə rahat yata bilmirdi. Ona görə də könüllü olaraq döyüşə getdi. Atamla bağlı yadımda qalan bir də odur ki, Gədəbəydən gəldiyi vaxt qəsəbənin bütün uşaqlarını ətrafına toplayıb söhbət edərdi”.

Mədinə Aznaurovanın sözlərinə görə, bu illər ərzində atasız böyümək ona çox çətin olub.

“Təbii ki, atasız böyümək çox çətindir. Həyatımızın hər zamanında onu özlədik. Onun yerini heç nə əvəz edə bilməyib. Atamızla hər zaman qürur duymuşuq. Atamı tanımayan az adam tapılar. Ondan bizə şərəfli ömür sürmək qaldı. Şəhidlik ən ali zirvədir. O zirvəyə hər adam yüksələ bilmir”.

Milli Qəhrəmanın qızı hazırda Türkiyədə yaşadığını xatırladıb.

“2010-cu ildə Moskvada ali təhsilimi başa vurdum – Psixologiya fakültəsini bitirmişəm. 2005-ci ilin avqust ayında ailə həyatı qurmuşam və hazırda Türkiyədə yaşayıram. 2 uşağım var. Hazırda Dünya Ahıska Türkləri Birliyində çalışıram”.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi və Dünya Ahıska Türkleri Birliği Azərbaycan təmsilciliyi adından Axısxa türkərinin yeganə milli qəhramanı olan İsgəndər Aznaurova Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun.

ahiska-2

Şərh üçün bağlıdır.

footer